Göyçay veteranları və qaziləri Prezidentə müraciət etdilər; "İşimizə xitam veriblər, işsiz qalmışıq.." VİDEO

      

Göyçay veteranları və qaziləri Prezidentə müraciət etdilər;
Azsiamaz.com yazır ki, bir qrup Göyçay veteran və qaziləri Prezidentə müraciət ünvanlayıblar. Müraciətin bir nüsxəsidə poçtumuza daxil olub və onu oxuculara təqdim edirik:
Göyçay rayon sakini olan müharibə veteranları və qazilər tərəfindən

MÜRACİƏT

Biz, Göyçay rayonunda yaşayan Vətən müharibəsi iştirakçıları, qazilər və müharibə veteranları, bu məktubu mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlayırıq.
Cənab Prezident!
Biz Sizin rəhbərliyinizlə Vətən müharibəsində tarixi Qələbə qazanan xalqın nümayəndələriyik. Biz döyüş meydanlarında Sizin “Qarabağ Azərbaycandır!” çağırışınızı həyatımızın məqsədinə çevirdik. Səngərlərdə, minalı sahələrdə, atəş altında dövlətimizin ərazi bütövlüyü uğrunda canımızı və sağlamlığımızı riskə atdıq.Bu gün biz fəxr edirik ki, Sizin rəhbərliyinizlə torpaqlarımız azad olunub, üçrəngli bayrağımız Şuşada, Laçında, Zəngilanda, Füzulidə dalğalanır.
Lakin təəssüflə bildiririk ki, müharibədən qayıtdıqdan sonra bizim bir çoxumuz əmək və sosial sahədə ciddi çətinliklərlə üzləşmişik.
Biz bu müraciətə imza atan qazilər, uzun müddət “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə “Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsində çalışmışıq.
İşlədiyimiz müddətdə nizam-intizamlı, vicdanlı əməkdaş olmuşuq, dövlətin etimadını doğrultmuşuq.
Lakin 05 noyabr 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavilələrimizə xitam verilib.
Hazırda işsiz qalmışıq, ailələrimizi dolandırmaqda çətinlik çəkirik. Müharibə veteranı kimi aldığımız aylıq 80 manatlıq müavinət ailə xərclərimizi qarşılamağa heç bir halda kifayət etmir. Himayəmizdə azyaşlı uşaqlar, xəstə valideynlər var, bir çoxumuz kirayədə yaşayırıq.
Azərbaycan Respublikasının “Müharibə veteranlarına verilən imtiyazlar haqqında” Qanunun 3.0.6-cı bəndinə və Əmək Məcəlləsinin 17 və 74-cü maddələrinə əsasən, qazilər və müharibə veteranları sosial müdafiəyə ehtiyacı olan şəxslər kimi dövlət müəssisələrində işlə təminat zamanı növbədənkənar üstünlük hüququna malikdirlər.
Biz bu qanunlara əsaslanaraq, Sizdən Ali Baş Komandanımızdan, dövlətimizin rəhbərindən, qazilərin dayağı olan Prezidentdən xahiş edirik ki, aidiyyəti dövlət qurumlarına göstəriş verilsin və işsiz qalan qazilərimizin dövlət müəssisələrində ştatlı işlə təmin olunması təmin edilsin.
Biz döyüş meydanında Vətənə sədaqətimizi sübut etmişik, indi də dövlət işində, cəmiyyətə xidmət sahəsində eyni sədaqətlə xidmət etməyə hazırıq. Biz sadəcə ədalət, diqqət və dövlətin qayğısını hiss etmək istəyirik.
Hörmətli cənab Prezident,
Sizin şəxsinizdə dövlətimizin qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan xəbərdarıq. Biz inanırıq ki, bu müraciətimiz də diqqətsiz qalmayacaq, Göyçay rayonunda işsiz qalan qazilər və müharibə veteranlarının problemi tezliklə öz həllini tapacaq.

İmza: Müharibə veteranları və qazilər
1. Qarayev Məlik Elşad oğlu, müharibə veteranı
Göyçay rayonu, Kürdəmiş kəndi
2. Əhmədov Vüsal Telman oğlu, müharibə veteranı
Göyçay rayonu, Çayarxı kəndi
3. Qəhrəmanov Yaqub Sakit oğlu, müharibə veteranı
Göyçay rayonu, Potu-Kürd kəndi
4. Abdullayev Süleyman Vaqif oğlu, müharibə veteranı
Göyçay rayonu, Qaraməryəm kəndi
5. Əsədullayev Peyman Habil oğlu, müharibə veteranı
Göyçay rayonu, Qaraməryəm kəndi
6. Hümbətov Emin Əli oğlu, müharibə veteranı
Göyçay rayonu, Çayarxı kəndi
7. Məmmədov İlkin İlqar oğlu, Qazi
Göyçay şəhəri, M.Ə.Rəsulzadə küç.,
8. Mirzəyev Toğrul İlqar oğlu, müharibə veteranı
Göyçay şəhəri, H.Əliyev prospekti,
9. Hüseynov Hüseyn Rauf oğlu, müharibə veteranı
Göyçay rayonu, Qaraməryəm kəndi
10. Süleymanov Fərid Habil oğlu, müharibə veteranı
Göyçay rayonu, Potu kəndi
11. Abdullayev Namiq Elxan oğlu, müharibə veteranı
Göyçay rayonu Şıxəmir kəndi
12. Məmmədov Asif Hikmət oğlu, Qazi
Göyçay rayonu, Şahsoltanlı kəndi
13. Salmanov Fərid Habil oğlu Qazi
Göyçay rayonu, Potu kəndi



Tarix: Bu gün, 09:41
Xəbəri paylaş





Xəbər lenti