Mədəniyyət Nazirliyindən deputatın oğluna məxsus şirkətə 1,8 milyonluq sifariş
Nadir şah Əfşardan yadigar qalan Lənkəran şəhərindəki "Dairəvi Qala" ("Zindan") bərpa ediləcək. Qaynarinfo xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC bununla bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Qalanın bərpasına görə şirkətə 1 872 243 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Diler İnşaat" QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Şirkət təsis edilərkən adı "Orxan 1989" MMC olub. "Diler İnşaat" QSC inşaat sektorunda fəaliyyət göstərir. Satınalma müsabiqələrində fəal iştirak edən şirkət bir çox hallarda iri məbləğli tenderlərin qalibi seçilir.
QSC-nin qanuni təmsilçisi Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
"Diler İnşaat" QSC-nin təsisçisi isə Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur.
Ülvi Quliyev 2005-ci ildən deputatdır. O, parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.
Tarix: Bu gün, 15:13