Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putini 2026-cı ildə Qazaxıstana dövlət səfərinə dəvət edib. Tokayevin bu təklifinə cavab olaraq Putin “məmnuniyyətlə gələcəyəm” deyib. Görüş Kremlin Senat sarayında baş tutub və rəsmi hissədən sonra liderlər arasında qeyri-formal müzakirə davam edib.
Rusiya mediasının – TASS və Ruptly agentliklərinin məlumatına görə, Putin görüşdən sonra Tokayevi şəxsən Senat sarayının pilləkənlərinədək ötürüb və onlar ayrılarkən belə söhbətlərini davam etdiriblər. Kremlin mətbuat xidməti bildirir ki, bu dialoq dostluq və qarşılıqlı anlayış ruhunda keçib.
Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay qeyd edib ki, Tokayevlə Putinin qeyri-formal görüşü 2 saat 30 dəqiqədən artıq davam edib. Daha sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da təsdiqləyib ki, 11 noyabr tarixində iki lider üç saata yaxın təkbətək danışıblar.
Görüşün əsas mövzularının enerji əməkdaşlığı, sərhədyanı ticarət və Avrasiya İttifaqı çərçivəsində inteqrasiya məsələləri olduğu bildirilir.
Musavat.com