Gürcüstanda Almaniya səfiri “Akatsuki” ilə müqayisə edilib
Kaxa Kaladze: “Diplomatın bu cür fəaliyyətlə məşğul olması çox kədərlidir” Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişeri kəskin tənqid edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Kaladze diplomatı “Akatsuki”nin “Naruto” personajı ilə müqayisə edib. Tənqid Fişerin 12 noyabrda Tiflisdəki Rustaveli prospektində keçirilən etiraz aksiyasında iştirakından qaynaqlanıb. "Görmədiyimiz heç nə baş vermir. Bilirik ki, "dərin dövlət"in ölkə daxilində zorakı qruplara birbaşa istiqamət verən və necə hərəkət etməli olduqları barədə təlimat verən öz nümayəndəsi var. Onlar tam koordinasiyadadırlar. Diplomatın bu cür fəaliyyətlə məşğul olması çox kədərlidir. O, adi “Akatsuki”dir - mən onu başqa cür adlandıra bilmərəm", - Kaladze qeyd edib. Qeyd edək ki, 12 noyabrda Tiflisdəki etirazçılardan biri olan Mamuka Tsutskiridze bildirib ki, Fişerin etirazçıların yanına gələrək onlarla həmrəylik ifadə etməsi "səfirdən gözlənilməz həmrəylik” olub. “Etirazı tərk etmək üzrə idim ki, Almaniya səfiri cənab Peter Fişer qəfildən bizə yaxınlaşdı və bir daha həmrəyliyini bildirdi. Əlbəttə ki, mən ona Gürcüstanla dostluğuna və dəstəyinə görə təşəkkür etdim. Heç vaxt unutmayacağımız bir an idi", - Mamuka Tsutskiridze yazıb. Xatırladaq ki, “Akatsuki” – yapon “Naruto” anime və manqa seriyasında əsas düşmən təşkilatının adıdır. Bu təşkilat güclü, cinayətkar və dağıdıcı ninja qaçaqlardan ibarətdir, məqsədləri dünya nizamını zorla dəyişməkdir.