ABŞ-İsrail-İran qarşıdurması fonunda yarana biləcək gərginlikdir.Birincisi, İran–ABŞ–İsrail xəttində açıq genişmiqyaslı və quru qoşunları səviyyəsində müharibə ehtimalı hələ də aşağıdır.
Çünki bu, tərəflərin heç biri üçün iqtisadi baxımdan sərfəli deyil. ABŞ seçki və borc yükü fonunda yeni böyük müharibə istəmir.
Quru savaşları ABŞ üçün böyük xərc deməkdir.
İsrail isə ümumiyyətlə çox ehiyatla davranır. Quru savaşlarına qoşulmaq Tel-Əviv üçün bataqlıqda boğulmaq deməkdir.
İsrail təhlükəsizlik prioritetini qorumağa çalışır. İran isə sanksiyalar altında iqtisadi baxımdan zəifdir və tammiqyaslı qarşıdurma onun üçün ağır nəticə verər. Bu İran üçün geri dönüşü olmayan fəlakət deməkdir.
Amma risk artımının özü belə bazarlara təsir edir.
Ən həssas nöqtə enerji bazarıdır. Əgər gərginlik Hormuz Boğazı ətrafında real təhlükə yaratsa, neft dərhal bahalaşar. Bu, real təklif azalmasa belə “risk primi” ilə baş verə bilər. Enerji qiyməti artdıqca qlobal inflyasiya yenidən sürətlənə bilər. Bu isə faiz endirimi gözləyən bazarlar üçün mənfi siqnaldır.
İkinci təsir investor psixologiyasıdır. Geosiyasi risk artanda kapital təhlükəsiz aktivlərə keçir. Qızıl, ABŞ dolları, ABŞ istiqrazlarına tələb arta bilər.
Nəticədə fond bazarlarında qısamüddətli satış dalğası ola bilər. Amma bu, uzunmüddətli iqtisadi çöküş demək deyil — yalnız qeyri-müəyyənlik mərhələsidir.
Ən vacib məqam isə region ölkələrinin düşdüyü iqtisadi vəziyyətdir.
Enerji ixrac edənlər (məsələn, Azərbaycan) qısa müddətdə daha çox gəlir əldə edə bilər. Enerji idxal edənlər (Türkiyə kimi) əlavə təzyiq hiss edər. İran üçün isə vəziyyət daha da ağırlaşar: sanksiya riski genişlənə bilər.
Ən vacib məqam isə münaqişənin miqyasıdır.
Əgər bu, məhdud zərbələr və qarşılıqlı çəkindirmə çərçivəsində qalarsa, iqtisadi təsir əsasən neftdə müvəqqəti artım, bazarlarda dalğalanma, riskli aktivlərdə geri çəkilmə ilə məhdudlaşar.
Yox əgər ticarət yolları bağlansa və regionda genişmiqyaslı müharibə başlasa, onda dünya enerji şoku, qlobal inflyasiya dalğası böyüyər. Nəticədə inkişaf etməkdə olan ölkələrdə valyuta təzyiqi, hətta qlobal resessiya riski yarana bilər.
Hazırkı mərhələdə bazarlar “tam müharibə” ssenarisini yox, “idarə olunan gərginlik” ssenarisini qiymətləndirir. Yəni risk var, amma sistemli iqtisadi böhran gözləntisi hələ formalaşmayıb.
Yaxın 4 gündə müharibə genişlənərsə, dünyanı yeni iqtisadi böhran gözləyir. Kəskin bahalaşma, qırılan logistika zinciri, bahalaşan enerji.
Yəqin ki, ABŞ, İsrail, hətta İranda da bunu hesablayırlar. İran əzilən tərəfdir. İstənilən sərt qərarları qəbul edə bilər. Lakin İrandan enerji asılılığı olan ölkələr bu vəziyyətə sona qədər seyirçi qalacaqmı? Bu bəlli deyil.
Sabahdan dünya birjalarındakı qeyri-müəyyənlik neft və qızılın bir qədər də bahalaşmasına səbəb olacaq.
Amma gələn həftənin sonu ya hər şeyi yenidən düzənə düşəcək, ya da geridönüşü olmayan iqtisadi böhran bütün dünyanı təhdid edəcək.
Razi Abasbəyli
Tarix: 2-03-2026, 09:52