Yaxın gələcəkdə nüvə dövlətləri arasında qarşılıqlı etimadın azalması qaçılmazdır, üstəlik, dünya nəhəngləri arasında geopolitik rəqabətin də açıq müstəviyə keçə biləcəyi qətiyyən istisna deyil... Bu baxımdan, indi tədricən ön plana keçməkdə olan daha etibarlı və effektiv qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı problem hələ uzun müddət həll olunmamış qala bilər...
Qlobal strateji nüvə balansının yenidən qurulmasına yönəlik cəhdlər hələlik gözlənilən nəticələrdən çox-çox uzaqdır. Belə ki, Çinin ABŞ və Rusiya ilə nüvə silahlarının azaldılması üzrə üçtərəfli danışıqlarda iştirakdan imtina etməsi beynəlxalq təhlükəsizlik sistemində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Əslində, əsmi Pekinin bu barədə qərarı yalnız siyasi-diplomatik mövqe deyil. Çünki bu, həm də dəyişməkdə olan qlobal güc balansı və nüvə çəkindirmə strategiyaları üzrə böyük dövlətlər arasında artan rəqabətin bariz göstəricisidir.
Onu da qeyd etmək lazımdır, Çinin Xarici İşlər Nazirliyi indiki mərhələdə üçtərəfli formatda danışıqlara qoşulmaq təklifini ölkə üçün ədalətli və məntiqli hesab etmir. Rəsmi Pekin hesab edir ki, ABŞ və Rusiyanın nüvə arsenalı ilə Çinin arsenalı arasında ciddi fərq mövcuddur. Və bu səbəbdən də, rəsmi Pekin digər nüvə ölkələri ilə eyni səviyyədə qlobal təhlükəsizlik məsuliyyətini bölüşmək niyyətində olmadığını qabardır.
Əslində, Çin uzun illərdir ki, "minimum nüvə çəkindirmə" strategiyasına sadiq olduğunu qətiyyən gizlətmir. Rəsmi Pekinin bu strategiyası Çinin yalnız cavab zərbələri üçün kifayət edəcək həcmdə nüvə potensialına malik olmasını nəzərdə tutur. Yəni, rəsmi Pekin bu siyasətin müdafiə xarakterli olduğunu xüsusilə vurğulayır. Və məhz Çini nüvə silahlarının yayılmasının qarşısını alan ən məsuliyyətli qlobal aktor kimi təqdim edir.

ABŞ uzun müddətdən bəridir ki, nüvə silahlarına nəzarət rejiminə məhz Çinin də daxil edilməsinə çalışır. Ağ Ev təmsilçiləri rəsmi Pekinin son illərdə nüvə arsenalını sürətlə modernləşdirdiyini və yeni raket sistemlərinə, eləcə də hipersəs texnologiyalarına külli miqdarda investisiya qoyduğunu iddia edir. Və bu isə ABŞ-ın iddiasına görə, strateji silahlara nəzarət üzrə mövcud ikitərəfli mexanizmlərin əhəmiyyətini ciddi şəkildə azaldır.
Ancaq Rusiya isə prinsip etibarilə üçtərəfli format ideyasını birmənalı rədd etməsə də, hər halda, Çinin bundan imtinası Kreml üçün müəyyən strateji üstünlüklər də yaradır. Belə vəziyyət Rusiyanın ABŞ-la ikitərəfli danışıqlarda əsas tərəf statusunu qorumasına geniş imkanlar yaradır. Və eyni zamanda, buna paralel olaraq, Rusiya-Çin yaxınlaşmasını qətiyyən zəiflətmir.
Maraqlıdır ki, Qərb mütəxəssislərinin dəyərləndirmələrinə görə, ABŞ və Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətləridir. Yəni, bu iki ölkə strateji silahlar üzrə hələ də qlobal məkanda tam dominant mövqedə qalırlar. Çin isə öz nüvə arsenalını genişləndirsə də, hələlik bu iki ölkə ilə müqayisədə daha məhdud potensiala sahibdir. Ancaq əsas məsələ yalnız nüvə başlıqları ilə bağlı say fərqi deyil. Çünki burada həm də strateji yerləşdirmə, daşıyıcı vasitələr və erkən xəbərdarlıq sistemləri kimi texnoloji amillər də böyük önəm daşıyır.
Ona görə də, rəsmi Pekinin danışıqlardan imtina qərarı yalnız texniki və statistik arqumentlərlə izah olunmur. Bu addım həm də Çin-ABŞ rəqabətinin dərinləşməsinə paralel olaraq, edilmiş geostrateji manevrdir. Yəni, Çin hesab edir ki, üçtərəfli müqaviləyə imza atacağı təqdirdə, bu, onun nüvə potensialını erkən mərhələdə məhdudlaşdırar. Və eləcə də gələcəkdə ABŞ-la geostrateji paritetə çatmaq imkanlarını

ciddi şəkildə azalda bilər.

Çinin indiki mövqeyi onu göstərir ki, yaxın gələcəkdə qlobal xarakter daşıyacaq nüvə silahlarına nəzarət üzrə razılaşmaların əldə olunması artıq daha çətin olacaq. Əgər, üç ən böyük nüvə dövləti arasında ortaq platforma formalaşmazsa, mövcud müqavilələrin müddəti bitdikcə, beynəlxalq sistem daha az tənzimlənən və həm də çox riskli qlobal vəziyyət yarana bilər. Və bu baxımdan, yaxın gələcəkdə yalnız yeni texnologiyalar, yaxud müəyyən kateqoriyalı silahlar üzrə razılaşmaların mümkünlüyü daha realistik görünür.
Beləliklə, Çinin üçtərəfli nüvə danışıqlarından imtinası qlobal təhlükəsizlik sistemində struktur dəyişikliklərinin davam etdiyini göstərir. Bu qərar bir tərəfdən, rəsmi Pekinin öz strateji manevr imkanlarını qorumaq istəyi ilə bağlıdlr. Digər tərəfdən isə bu, həm də strateji silahlara nəzarət üzrə beynəlxalq mexanizmlərin artıq əvvəlki kimi effektiv olmadığını təsdiqləyir.
Belə anlaşılır ki, yaxın gələcəkdə nüvə dövlətləri arasında qarşılıqlı etimadın azalması qaçılmaz xarakter daşıyır. Eyni zamanda, buna paralel olaraq, dünya nəhəngləri arasında geopolitik rəqabətin də açıq müstəviyə keçə biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, indi tədricən ön plana keçməkdə olan daha etibarlı və effektiv qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı problem hələ uzun müddət həll olunmamış qala bilər. "Yeni Müsavat"
Tarix: 21-03-2026, 19:20