İstəmirsənsə türmə, götürmə, ötürmə, itirmə...

Hər dəfə bol sərvətli, yüksək mənsəbli biri tutulanda rusca kitab oxumuş adamların dilinə belə bir söz gəlir: “Ot sumı i ot tyurmı ne zarekaysya”.
İfadənin tərcüməsi belədir: “Heç vaxt yoxsulluq və ya həbsxana haqqında “heç vaxt” deməyin”. Mənası da budur: kimsə döşünə döyüb deyə bilməz ki, mən heç vaxt dilənçi torbası götürmərəm və türməyə düşmərəm.
Hərçənd birinci haqq-hesaba qalsa, bunu çox adam deyə bilər. Elə qürurlu adamlar var ki, müflis olanda, borca düşəndə heç vaxt küçəyə düşüb ona-buna əl açacaqları günü gözləmirlər. Özləri bilirlər, nə edirlər. Onların nə etdiklərini yazsam, qürurlu adamları bu işə təhrik etmiş olaram. Onsuz da azdırlar, qoy yaşasınlar.
Ancaq “türməyə düşmərəm”i heç kəs deyə bilməz. Çünki türməyə düşüb-düşməmək hökumətin sərəncamında olan işdir. Türmənin qapısını açmaq işinə də hökumət baxır. O iş, iddia olunduğu kimi, Allahın əlində deyil, özümüzü aldatmayaq. Odur ki, dustağa müraciətlə “Allah qapını açsın” demək sözgəlişi söhbətdir. Vallahi, qulağına çatar, yuxarıdan səslənər ki, ey kafir bəndə, mən sizin üçün şveytsaram-nəyəm, hər dəfə nəsə bir qələt yeyib türməyə düşəcəksən, mən də durub sənə qapı açmalıyam?
Dünyanın çox yerində türməni gözünün altına alan yalnız siyasətçilərdir. İnandırıram sizi, heç əkə-bükə canilər iş dalınca gedəndə türməyə düşəcəklərini güman etmirlər. Amma yazıq siyasətçilər bilirlər ki, inqilaba qalxıb hakimiyyətə gəlməsələr, türməyə düşəcəklər.
Jurnalistlərin məsələsi isə 50:50-yədir, öncədən qara günlərini qablaşdırmırlar, ancaq elə olur ki, içəri gedirlər.
Bir əli balda, kürüdə, o biri cürbəcür ekzotik təamlarda olan, səhər obaşdan lüks otellərdə təbii portağal şirəsi içən, aeroporta limuzinlərlə qarşılanan, 90-60-90-lıq modellərlə göft-gu edən, hansı villasına gedəcəyi barədə tez qərar verə bilməyən, İbizada qarət edilmiş 2 milyonluq saatı üçün “it aparan olsun” deyən, London-Paris-Milan arasını subaşı yoluna döndərən, 15 min avroluq, qızıl düyməli köynək geyən, ərəb şeyxlərinin özlərinə rəva gördüyü dəbdəbə və təmtəraq içində üzənlər isə heç vaxt ağıllarına gətirmirlər ki, onlar da nə vaxtsa türməyə düşə bilərlər.
O gün əməkdaşımız yazmışdı, 18-ci əsrdə Çində Heşen adlı elə bir vəzir-oliqarx olub, indiki pulla 1 trilyon pulu, Ramiz müəllim qədər səlahiyyəti varmış, amma axırda yeni padşah onu tutub türməyə salıb. Heşeni it zülmü verərək öldürəcəkmişlər, axırda rəhm ediblər, deyiblər, ürəyin istəyirsə, özünü öldürə bilərsən. O da canının qorxusundan gözəgörünməzə şükür edə-edə... ta yazmıram ki, nə edib.
Ona görə yazmıram ki, yuxarıda dediyim kimi, bu, təhrik sayılar. Allahdan, indi heç kimə o imkanı vermirlər, 1000 avroluq kəmərini belindən çıxarırlar ki, qələtini elə, farağat otur, bizə iş artırma.
O vaxt Nelson Mandela 27 il zindanda yatdı, çıxdı, preizdent oldu. Amma Səddam Hüseyn 24 il prezident oldu, axırda türməyə düşdü, lap axırda isə apardılar kəndirin altına. O, türməyə düşəcəyini ağlına gətirmirdi, amma düşdü. Mandela türməyə düşəcəyini bilirdi, amma prezident olacağını bilmirdi, amma oldu.
İndi bəziləri deyə bilər ki, bizdən də kimsə türmədə o qədər yatsaydı, bəlkə... Bu, hipotetik məsələdir. Adam heç 27 illik ipotekaya girmək istəmir.
Hər halda, adam gərək aqibətini pis-yaxşı təxmin eləsin. Başqasına aid pulları küləkli gündə göydələn balkonundan xəzəl kimi səpələyən adam bilməlidir ki, bunun hesabı sorulacaq. Əl-əlbət. Məsələn, Heşen elə bilirdi ki, xətrini çox istəyən padşah ona heç vaxt dəyməz. Amma padşahın oğlu Heşenin xətrini istəmirdi, ona görə də bu qudurmuş oliqarxı seçim qarşısında qoydu.
O baxımdan kəşfiyyatçıların işi yaxşıdır. Əfsanəyə görə, onlar yaxalıqlarında sianid ampulası gəzdirirlər, yaxalananda ağızlarına atıb sındırırlar və türməyə düşmür, xoşagəlməz suallara cavab vermirlər.
Hərçənd bu, deyəsən, eləcə əfsanədir. Çünki dişində sianid ampulası sındıran kəşfiyyatçıların statistikası yoxdur, əvəzində ələ keçəndən sonra içəridə “bülbül” kimi cəh-cəh vuranlar N qədər olub.
Adnan bəyin məsələsində bir məqam var: onun türmədən sığortası olmasa da, hər halda dilənçi torbasına düçar olmayacaq. Yığdıqlarının 99,99 faizini itirsə də, 0,01 faizi necə olsa da, özündə qalacaq və bu, onun yeddi sülaləsinə bəsdir.
Hökumət qapısını açsın – məsləhətdirsə.
Samir SARI
Tarix: Dünən, 22:23
Xəbəri paylaş





Xəbər lenti