Saxta psixoloqlar ailələrə necə təsir edir? — AÇIQLAMA

Saxta psixoloqlar ailələrə necə təsir edir? — AÇIQLAMA
Son illər ölkədə “psixoloq” adı altında fəaliyyət göstərən şəxslərin sayı sürətlə artır. Xüsusilə bir neçə aylıq kursları bitirib sertifikat alan şəxslərin özlərini mütəxəssis kimi təqdim etməsi, kabinet açaraq və ya sosial şəbəkələrdə, xüsusən də TikTok üzərindən “psixoloji məsləhətlər” verməsi ciddi narahatlıq doğurur.
Peşəkar təhsil, illərlə davam edən akademik hazırlıq və praktiki təcrübə tələb edən psixologiya sahəsinin qısa müddətli kurslarla “öyrədilməsi” sual altındadır. Daha da narahatedici məqam isə bu şəxslərin ailədaxili münasibətlərə, evliliklərə, valideyn–övlad əlaqələrinə birbaşa müdaxilə etməsidir. Sosial şəbəkələrdə yayılan bəzi məsləhətlər isə problemləri həll etməkdən daha çox ailələrin dağılmasına, insanların psixoloji durumunun ağırlaşmasına səbəb olur.
Cəmiyyət haqlı olaraq sual edir: insan psixikasına toxunan, talelərə təsir edən bu peşə doğrudanmı bir neçə aylıq kursla qazanıla bilər? Məsuliyyəti bu qədər ağır olan sahədə nəzarətsiz fəaliyyət, saxta mütəxəssislər və sosial media üzərindən aparılan populist “psixologiya” nə ilə nəticələnəcək?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, son illərdə psixologiyaya maraq çox artıb və cəmiyyətdə psixi sağlamlıq mövzularının daha açıq müzakirə olunmasına böyük şərait var.
Psixoloqun, sözlərinə görə, bu da bu sahədə peşəkar hazırlığı olmayan şəxslərin “psixoloq” adı altında fəaliyyət göstərməsinə gətirib çıxarır ki, bu vəziyyət ciddi sosial risklər yaradır.
“Psixologiya insan davranışını, emosiyalarını araşdıran elmi sahədir və bu peşə yalnız qısa müddətli kurslarla mənimsənilə bilməz; o, uzun illər davam edən akademik təhsil, praktiki hazırlıq, superviziya və etik məsuliyyət tələb edir. Elmi baxımdan yanlış və səthi müdaxilələr ailədaxili münasibətlərin pozulmasına, valideyn–övlad əlaqələrinin gərginləşməsinə, psixi pozuntuların vaxtında tanınmamasına və insanların vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Xüsusilə sosial mediada yayılan populist və ümumiləşdirilmiş “məsləhətlər” psixoloji problemlərin çoxfaktorlu ola biləcəyini nəzərə almır, hər kəsə eyni reseptin tətbiq oluna biləcəyi kimi yanlış təsəvvür yaradır və cəmiyyətdə elmi psixologiyaya dair anlayışları adiləşdirir.
Ümumilikdə insan psixikasına toxunan bu sahə yüksək məsuliyyət daşıyır və yalnız ciddi elmi hazırlıqdan keçmiş mütəxəssislər tərəfindən icra edilməlidir; cəmiyyətin isə psixoloji yardım axtararkən tənqidi yanaşması, mütəxəssisin təhsilinə və peşəkar statusuna diqqət etməsi vacibdir, çünki bu sahədə məsuliyyətsizliyin nəticələri birbaşa insan talelərinə təsir göstərir”.
Tarix: 12-02-2026, 11:01
Xəbəri paylaş





Xəbər lenti