Rac Kərimov : Mən və mənim kimi bir çox neftçilər sizin yanlış apardığınız kadr siyasətinə görə niyə əziyyət çəkməliyik və niyə bizlərin haqqına girirsiniz?

Neft sənayesi hər zaman polad iradə və real təcrübə üzərində qurulub. İstismar sahəsində çalışanlar illərini verərək, hər bir quyunun nazı ilə oynayıb, istehsalatın hər çətinliyini nəzəriyyədən deyil, praktikanın özündən öyrənibdir. Lakin son dövrlər, xüsusən Ziba Mustafayeva "Azercell"dən SOCAR-a kadr məsələləri üzrə vitse-prezident təyin olunandan sonra, kadr siyasətində qeyri-konstruktiv yanaşmaların şahidi oluruq.Təsəvvür edin, dəniz obyektlərində, xüsusən kompressor quyularının üstünlük təşkil etdiyi mürəkkəb sahələrdə vakansiya elan edilir. Məntiqlə həmin idarənin daxilində illərin zəhmətkeşlərinə, sahəni ovcunun içi kimi bilənlərə üstünlük verilməlidir. Amma vakansiya ümumi "Azneft" səviyyəsinə çıxarılır və "imtahan" nəticəsində bəlli olur ki, qalib hansısa vitse-prezidentin qohumu və ya kompressor quyuları ilə ömründə praktik tanışlığı olmayan biridir. Nəticədə həmin "qalib" mühəndis sahəyə gəlir, amma işdən xəbəri olmadığı üçün idarə rəhbərliyi məcbur qalıb onun yanına yerli və təcrübəli bir mühəndis təhkim edir ki, ona işi öyrətsin. Bir sözlə, nəzarətə nəzarət! Bu, dövlətin resurslarının və peşəkar kadrların əməyinin açıq-aşkar israfıdır.
Daha bir ağrılı məqam isə odur ki, periodik olaraq SOCAR Baş Ofisindən müxtəlif şöbələr üzrə dəniz obyektlərinə yoxlamalar gəlir. Amma son illərdə bir dəfə də olsun kadr məsələlərini yerində öyrənəcək, işçilərin təklif və narazılıqlarını səmimi şəkildə dinləyəcək bir nəfər də ortaya çıxmır. Görünən odur ki, Baş Ofisdə kadr sahəsində oturanlara effektiv iş yox, yalnız şablon metodlar və "çox reklam - az iş" prinsipi lazımdır. Onlar sistemdəki real boşluqları aşkar edib nəticə çıxarmaq deyil, sadəcə sənəd üzərində "iş apardıq" demək marağındadırlar.
Biz təhsilin əleyhinə deyilik, amma ixtisas dərəcələrinin artımı və təyinatlar zamanı işçinin işə münasibəti barədə ciddi müşahidələr aparılmalı, kollektivin rəyi mütləq soruşulmalıdır. Əgər dərəcə alan işçi barədə həmkarlarının rəyi nəzərə alınarsa, həmin şəxsdə böyük bir məsuliyyət hissi yaranar. O anlayar ki, aldığı dərəcə yalnız maaş artımı deyil, kollektiv qarşısında daşıdığı peşəkar missiyadır.
Unutmaq olmaz ki, nefti diplomlar və ya qeyri-peşəkar tapşırıqlar deyil, o quyuların dilini bilən qabarlı əllər çıxarır. Praktiki biliklərin sıfıra endirildiyi, stajın arxa plana atıldığı və rəhbərliyin real işçidən qaçdığı bir sistem istehsalatın gələcəyinə vurulan ən böyük zərbədir. Ədalətli qiymətləndirmə, şəffaflıq və təcrübəyə hörmət bərpa olunmasa, kağız üzərindəki parlaq rəqəmlər reallıqda iflasa məhkumdur.
Sonda mən buradan SOCAR kadr məsələləri üzrə vitse-prezident Ziba xanıma bir sualla müraciət etmək istəyirəm: Mən və mənim kimi bir çox neftçilər sizin yanlış apardığınız kadr siyasətinə görə niyə əziyyət çəkməliyik və niyə bizlərin haqqına girirsiniz?
Rac Kərimov
TEREF
Tarix: 12-03-2026, 11:58